1 gün, 23 saat əvvəl
UFAZ-ın müəlliminin süni intellekt sahəsindəki elmi məqaləsi Q1 reytinqli jurnalda dərc olunub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu və “Kompüter elmləri” üzrə müəllimi, Dr. Yusif İbrahimlinin elmi məqaləsi süni intellekt sahəsində dünyanın ən nüfuzlu platformalarından biri sayılan IEEE bazasında, Q1 kvartallı “IEEE Transactions on Artificial Intelligence” jurnalında işıq üzü görüb.
“Sosial mediada psixi pozuntuların təyin edilməsində izah edilə bilən süni intellektin rolu: İcmal və perspektivlər” adlı tədqiqat işində sosial media məlumatları əsasında psixi pozuntuların süni intellekt metodları ilə aşkarlanması sahəsində mövcud yanaşmalar geniş şəkildə icmal edilir.
Məqalədə qeyd olunur ki, sosial media platformaları insanların emosional və psixoloji vəziyyətini əks etdirən zəngin məlumat mənbəyidir. Bu cür məlumatlar erkən mərhələdə psixi sağlamlıqla bağlı dəstək göstərmək üçün mühüm imkanlar yaradır. Bununla belə, müasir süni intellekt modellərinin “qara qutu” kimi işləməsi onların necə qərar verdiyini anlamağı çətinləşdirir. Bu isə xüsusilə klinik mühitdə etibar və praktik tətbiq baxımından müəyyən problemlər yaradır.
Tədqiqat işində bu problemi aradan qaldırmaq üçün izaholunan süni intellekt (Explainable AI – XAI) yanaşmalarına xüsusi diqqət yetirilir. Buraya daha anlaşılan və şərh edilə bilən modellər, sonradan izah verən (post-hoc) metodlar, diqqət mexanizmləri, qraf əsaslı yanaşmalar və son dövrlərdə geniş istifadə olunan böyük dil modellərinə (LLMs) əsaslanan izah üsulları daxildir.
Eyni zamanda, məqalədə sosial media əsaslı psixi pozuntu aşkarlanması sahəsində istifadə olunan əsas data bazaları və qiymətləndirmə metodları da nəzərdən keçirilir. Araşdırmada bu sahədə qarşılaşılan əsas problemlər – məlumatların məhdudluğu, modellərdəki potensial qərəzlilik və klinik baxımdan mənalı izahların əldə edilməsinin çətinliyi ön plana çıxarılır və gələcək tədqiqat istiqamətləri təklif olunur.
Keçid vasitəsilə məqalə ilə tanış ola bilərsiniz: https://ieeexplore.ieee.org/document/11495527