1 gün, 10 saat əvvəl

UFAZ-ın müəlliminin məqaləsi Q1 reytinqli “Sustainability” jurnalında dərc olunub

elnur m  paper publiush

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Su ehtiyatlarının idarəedilməsi” proqramının koordinatoru Dr. Elnur Səfərovun həmmüəllifi olduğu “Xəzər dənizində sahilboyu plastik çirklənməsinin dayanıqlı monitorinqini dəstəkləmək məqsədilə PUA, dərin öyrənmə və məkan analizinin inteqrasiyası” adlı məqalə nüfuzlu “Sustainability” jurnalında işıq üzü görüb. Sözügedən nəşr MDPI tərəfindən idarə olunan, Q1 reytinqli və “Scopus” bazasında ətraf mühit elmləri üzrə ilk 10 %-lik daxilində yer alan yüksək təsir göstəricili (IF: 3.3; Cite Score: 7.7) elmi jurnaldır.

Tədqiqat işi Xəzər dənizinin Xaçmaz sahillərində plastik çirklənmənin monitorinqi üçün innovativ və inteqrasiya olunmuş metodologiya təqdim edir. Müəlliflər pilotsuz uçuş aparatlarından (UAV) əldə edilən yüksək keyfiyyətli təsvirləri YOLO dərin öyrənmə alqoritmləri ilə birləşdirərək sahil zolağındakı tullantıların avtomatlaşdırılmış aşkarlanma sistemini qurublar. Bu yanaşma, ənənəvi vizual müşahidə metodları ilə müqayisədə həm zaman, həm də dəqiqlik baxımından böyük üstünlük qazandırır.

Məqalədə qeyd olunan əsas elmi nəticələr Xaçmaz sahil xətti boyunca plastik tullantıların toplandığı dörd əsas “qaynar nöqtə”ni üzə çıxarıb. Məkan-statistika analizləri göstərir ki, tullantılar xüsusilə 5 metrdən kiçik miqyaslarda klasterlər şəklində qruplaşır. Bu qruplaşmalar sahilin dinamikası və qamışlıq bitki örtüyü olan ərazilərlə birbaşa əlaqəlidir. Bu isə tullantıların dənizdən quruya çıxma və orada ləngimə mexanizmlərini anlamağa kömək edir.

Tədqiqatın praktik əhəmiyyəti Xəzər dənizi kimi qapalı su hövzələrində dayanıqlı ekoloji monitorinq modelinin yaradılmasındadır. Dr. Elnur Səfərov və tədqiqat qrupunun təklif etdiyi bu model təkrar istehsal oluna biləndir və digər sahil regionlarında da tətbiq edilərək plastik çirklənmə ilə mübarizə strategiyalarının hazırlanmasında elmi baza rolunu oynaya bilər.

Tədqiqat işi müasir süni intellekt texnologiyalarının ekoloji problemlərin həllinə inteqrasiyası baxımından mühüm bir addım hesab olunur və regionda enerjiyə keçid və ekoloji dayanıqlılıq strategiyalarına töhfə vermək məqsədi daşıyır.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.mdpi.com/2071-1050/18/7/3405

672243350_1619385369721995_2768861876793419107_n elm2