6 saat əvvəl

UFAZ-ın müəlliminin elmi məqaləsi Q2 reytinqli “SOCAR Proceedings” jurnalında dərc olunub

fidan vebbie

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” proqramı üzrə koordinatoru Fidan Aslanzadənin həmmüəllifi olduğu “Cənubi Xəzər hövzəsinin Oliqosen-Miosen çöküntülərində karbonatların rezervuar xüsusiyyətlərinə təsirinin qiymətləndirilməsi” adlı məqalə nüfuzlu “SOCAR Proceedings” jurnalında dərc edilib. “Scopus” beynəlxalq indeksləşmə sistemində Q2 kateqoriyasında yer alan jurnal regionun neft-qaz sənayesi və tətbiqi geologiya sahəsində ən mötəbər elmi nəşrlərindən biridir.

Məqalədə Cənubi Xəzər hövzəsinin Oliqosen-Miosen çöküntülərində karbonat tərkibinin rezervuar keyfiyyətinə təsiri araşdırılıb. Tədqiqat zamanı müəlliflər quyu məlumatları və müxtəlif nümunələr üzərində petrofiziki analizlər aparıblar. Riyazi və geoloji modellər vasitəsilə karbonat minerallarının layın məsaməliliyinə və keçiriciliyinə təsiri əsaslandırılıb.

Tədqiqatın əsas elmi yeniliyi kalsit və digər karbonat sementlərinin rezervuarın filtrasiya-tutum xüsusiyyətlərini necə dəyişməsini üzə çıxarmasıdır. Müəlliflər bu sementlərin keçiriciliyi hansı dərəcədə məhdudlaşdırdığını və ya bəzi hallarda ikincili məsaməlilik yaradaraq keyfiyyəti necə artırdığını müəyyən ediblər.

Tədqiqatın nəticələri Cənubi Xəzər hövzəsindəki perspektivli strukturların karbohidrogen potensialını daha dəqiq proqnozlaşdırmağa imkan verir. Karbonat təsirinin düzgün qiymətləndirilməsi qazma və quyuların tamamlanması zamanı yarana biləcək riskləri minimuma endirir. Bu faktor layihələrin həm təhlükəsizliyi, həm də iqtisadi səmərəliliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://proceedings.socar.az/uploads/pdf/116/030_038_OGP20260101149.pdf