2 gün, 19 saat əvvəl
UFAZ-ın yeni məzunları “Openwave” hakatonunda 2-ci yerə layiq görülüblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2026-cı il məzunları Çingiz Xankişiyev, Murad Nurəliyev və Elnur Haqverdiyevin yer aldığı “ExaMinds” komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Openwave” innovasiya hakatonunda 2-ci yerə layiq görülüb.
Gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, dövlət qurumları ilə innovatorlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan hakathona 150 dən çox komanda müraciət edib. Seçim mərhələsi nəticəsində yalnız 15 komanda finala vəsiqə qazanaraq öz innovativ həllərini münsiflər heyəti qarşısında təqdim edib.
“ExaMinds” komandası şəhər infrastrukturunda yaranan problemlərin proqnozlaşdırılması, aşkarlanması və operativ həllinə yönəlmiş kompleks rəqəmsal platforma hazırlayıb. Layihə çərçivəsində ilk olaraq şəhərin üçölçülü (3D) modeli yaradılıb, səth qatlarının keçiricilik xüsusiyyətləri peyk məlumatları və yağıntı göstəriciləri ilə birləşdirilərək müxtəlif intensivlikli yağışlar zamanı suyun hansı ərazilərdə toplanacağı və daşqın riskinin hansı səviyyədə olacağı proqnozlaşdırılıb.
Layihənin digər əsas komponenti isə süni intellekt və kompüter görməsi (Computer Vision) texnologiyalarına əsaslanan ağıllı monitorinq sistemi olub. Hazırlanan model yol örtüyündə çatlar, dolu zibil qutuları, qurumuş yaşıllıq sahələri və digər şəhər infrastrukturu problemlərini avtomatik aşkar edə bilir. Sistem nəqliyyat vasitələrinə və ya ictimai məkanlarda quraşdırılmış kameralara inteqrasiya olunaraq problemi müəyyən edir, fotoşəklini və geolokasiyasını aidiyyəti dövlət qurumuna göndərir, eyni zamanda həmin problemin aradan qaldırılması üçün avtomatik tapşırıq yaradır.
Komanda, həmçinin hakathonun əsas tapşırıqlarından biri kimi vətəndaşların şəhərdə rastlaşdıqları problemləri dövlət qurumlarına asanlıqla çatdırmağa imkan verən mobil tətbiq hazırlayıb. Tətbiq vasitəsilə istifadəçilər problemi şəkil çəkərək sistemə göndərə bilir, müraciət isə avtomatik olaraq aidiyyəti quruma yönləndirilərək qeydiyyata alınır və icra prosesi izlənilə bilir.
Final mərhələsində layihələr ideyanın aktuallığı, texniki icrası, innovativliyi və istifadəçi təcrübəsi kimi meyarlar üzrə qiymətləndirilib. “ExaMinds” komandası 2-ci yerə layiq görülərək 3 000 AZN məbləğində pul mükafatı qazanıb.
Hakathonun yekununda iştirakçılar Milli Məclisin deputatları və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasiminə dəvət olunublar. Tədbirdə dövlət qurumları ilə gələcək əməkdaşlıq imkanları da müzakirə edilib.