22 saat əvvəl
UFAZ-da struktur geologiya sahəsində tədqiqat seminarı keçiriləcək
Tədbir haqqında
Oktyabrın 29-da Azərbaycan-Fransız Universitetində (UFAZ) geologiya və geofizika sahəsində tanınmış alim, professor Robert Batlerin iştirakı ilə “Stratiqrafik çoxqatlı sistemlərdə paylanmış qırılmalar və qırılmaların inkişafı: interpretasiya zamanı qeyri-müəyyənlik və qərəzlilik problemləri” mövzusunda tədqiqat seminarı keçiriləcək.
Robert Batler Aberdin Universitetinin tektonika üzrə fəxri professoru və universitetin geologiya və geofizika kafedrasının keçmiş rəhbəridir. O, daha əvvəl Lids Universitetində və “Open” Universitetində çalışıb. Elmi fəaliyyəti struktur geologiya, deformasiya tektonikası, üstəgəlmə qırılmaları və çökmə hövzələrinin quruluşunun öyrənilməsini əhatə edir. Himalay dağları, Ərəbistan, Şimal-Qərbi Şotlandiya, Siciliya və Alp dağlarını əhatə edən tədqiqatları çöl müşahidələri, stratiqrafiya, geomorfologiya və seysmik təsvirlərin interpretasiyasına əsaslanır. Professorun 160-dan çox elmi məqaləsi dərc olunub. O, geoloji təhsilin və geoloji irsin qorunmasının təşviqinə verdiyi töhfələrə görə Böyük Britaniya Geologiya Cəmiyyətinin “Dewey Medal” mükafatının ilk laureatı olub, Cəmiyyətin şurasında və geoloji irsin qorunması üzrə komitəsində fəaliyyət göstərib və “Chartered Geologist” peşəkar statusuna malikdir. Bundan əlavə, 12 il ərzində “The Virtual Seismic Atlas” layihəsinə rəhbərlik edib, hazırda isə “The Shear Zone” adlı “YouTube” kanalı vasitəsilə struktur geologiya, tektonika və seysmik təsvirlərin interpretasiyası üzrə maarifləndirici materiallar paylaşır.
Seminar zamanı professor mürəkkəb geoloji quruluşa malik ərazilərdə Yer təkinin interpretasiyası zamanı yaranan qeyri-müəyyənlikləri, koqnitiv qərəzliliyin elmi nəticələrə təsirini və geoloji risklərin idarə olunmasının əhəmiyyətindən bəhs edəcək. Kanada Kordilyerasının dağətəyi əraziləri, And dağları və Yura regionundan nümunələr əsasında üstəgəlmə qırılmaları sistemlərinin interpretasiyası, nəzəri geoloji modellərin məhdudiyyətləri və neft-qaz sənayesində istifadə olunan yanaşmaların geoloji saxlanc layihələrinə tətbiqi zamanı qarşıya çıxan çətinliklər nəzərdən keçiriləcək.
Mühazirədən sonra iştirakçıları hədiyyəli sual-cavab sessiyası gözləyir. Tədbir yeni peşəkar əlaqələrin qurulmasına və fikir mübadiləsinə imkan yaradacaq şəbəkələşmə sessiyası ilə yekunlaşacaq.
Bütün maraqlananları seminarda iştiraka dəvət edirik!
Tarix: 29 oktyabr
Saat: 16:15
Məkan: UFAZ, 102-ci otaq
Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/11PgrLGmt0?origin=lprLink