11 saat əvvəl

UFAZ-da biotibbi mühəndislik sahəsində elmi seminar keçiriləcək

Morgan Madec 2026 - Research seminar NEW

Tədbir haqqında

Oktyabrın 23-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universitetinin professoru və “ICube” laboratoriyasının tədqiqatçısı Morqan Madekin təqdimatında “Maqnit lokalizasiyasının biotibbdə tətbiqi” mövzusunda növbəti tədqiqat seminarı keçiriləcək.

Seminarın spikeri Morqan Madek Strasburq Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) ilə birgə fəaliyyət göstərən "ICube” laboratoriyasının (UMR 7357) tədqiqatçısıdır. O, 2006-cı ildə mühəndislik elmləri üzrə doktorluq dərəcəsi alıb, 2008-ci ildə “ICube” laboratoriyasında dosent kimi fəaliyyətə başlayıb, 2023-cü ildə isə professor vəzifəsinə təyin olunub. 2022-ci ildən laboratoriyanın Elektronika, Mikroelektronika və Çoxfizikalı Sistemlərin Modelləşdirilməsi (EM3) tədqiqat qrupuna rəhbərlik edir.

Professorun elmi fəaliyyəti biotibbi mühəndislik və ətraf mühitin monitorinqi üçün inteqrasiya olunmuş ölçmə sistemlərinin hazırlanmasını əhatə edir. Onun tədqiqat istiqamətlərinə sensorların layihələndirilməsi və inteqrasiyası, siqnalların emalı, eləcə də məlumatların təhlili daxildir. Son tədqiqatları tibbi tətbiqlər üçün elektromaqnit izləmə sistemləri, içməli suda çirklənmə hallarının monitorinqinə imkan verən portativ nüvə maqnit rezonansı cihazları və xəstəlik törədicilərinin aşkarlanması üçün mikroskopik görüntüləmə texnologiyaları ilə bağlıdır.

Seminarda maqnit sahələri və sensorlar vasitəsilə tibbi cihazların dəqiq izlənməsinə imkan verən texnologiyaların biotibbi mühəndislikdə rolu diqqət mərkəzində olacaq. Təqdimat çərçivəsində, həmçinin tibbi müdaxilələrdə dəqiqliyin artırılması və müxtəlif tibbi tətbiqlər üçün innovativ izləmə sistemlərinin inkişafı ilə bağlı tədqiqat istiqamətlərinə toxunulacaq.

Tədbirin sonunda iştirakçıların suallarının cavablandırılması üçün sual-cavab sessiyası və iştirakçılar arasında elmi fikir mübadiləsini təşviq edən şəbəkələşmə tədbiri keçiriləcək.

📅 23 oktyabr
🕓 16:15
📍 UFAZ, 102-ci otaq

🔗https://forms.cloud.microsoft/r/gWZjpDtu0j?origin=lprLink