bir saat əvvəl
UFAZ-da avtonom idarəetmə sistemlərində multimodal sensor texnologiyalarına dair tədqiqat seminarı keçiriləcək
Tədbir haqqında
Noyabrın 26-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın “INSA Rouen Normandie” ali təhsil müəssisəsinin dosenti Hind Laqmara tərəfindən “Avtonom idarəetmə kontekstində əlverişsiz hava şəraitində qavrayış üçün multimodal sensor məlumatlarının birləşdirilməsi” mövzusunda tədqiqat seminarı keçiriləcək.
Hind Laqmara “INSA Rouen Normandie”də mühəndislik və intellektual sistemlər sahəsində tədris və tədqiqat fəaliyyəti ilə məşğul olur. O, 2020-ci ildə “Haute-Alsace” Universitetində inam nəzəriyyəsinə əsaslanan çoxsaylı obyektlərin aşkarlanması və əlaqələndirilməsi mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Onun elmi maraq dairəsinə kompüter görməsi, multimodal sensor məlumatlarının birləşdirilməsi, qeyri-müəyyənliyin modelləşdirilməsi və intellektual qavrayış sistemləri daxildir. Xüsusilə mürəkkəb ətraf mühit şəraitində etibarlı səhnə qavrayışına yönəlmiş tədqiqatlar aparır. Seminar iştirakçıları əlverişsiz hava şəraitində avtonom idarəetmə sistemlərində multimodal sensor məlumatlarının birləşdirilməsinin tətbiqi ilə tanış olmaq, mövzu ətrafında fikir mübadiləsi aparmaq və spikerə suallar ünvanlamaq imkanı əldə edəcəklər.
Bundan əlavə, Hind Laqmara auditoriyaya xüsusi sual ünvanlayacaq və ən yaxşı cavabı təqdim edən iştirakçı hədiyyə ilə mükafatlandırılacaq. Tədbir iştirakçıların bir-biri ilə tanış olması, təcrübə və fikirlərini bölüşməsi üçün nəzərdə tutulan şəbəkələşmə sessiyası ilə davam edəcək.
Seminarda iştirak etmək istəyən hər kəs qeydiyyatdan keçməyə dəvət olunur.
Tarix: 26 noyabr
Saat: 14:30
Məkan: UFAZ, 102-ci otaq
Qeydiyyat: https://forms.cloud.microsoft/r/N7REP5sDyP?origin=lprLink