2 gün, 20 saat əvvəl

UFAZ-da geologiya və sedimentologiya üzrə elmi seminar keçiriləcək

alexis nutz aze

Tədbir haqqında

Dekabrın 18-də Azərbaycan-Fransız Universitetində (UFAZ) geologiya və yer elmləri sahəsində tanınmış fransız alim Dr. Aleksis Nutzun elmi seminarı baş tutacaq. “Turkana tektonik çökəyində çökmə prosesləri (Şərqi Afrika Rift Sistemi, Keniya): bütün flüvial-lakustrin sistemlər üçün kollektor analoqu” adlı seminar sedimentologiya, stratigrafiya, geologiya, hövzə analizi və neft-qaz kollektorlarının öyrənilməsi kimi sahələrdən olan mütəxəssisləri və tələbələri bir araya gətirəcək.

Bu seminarda Dr. Nutz Keniyada yerləşən və Şərqi Afrika Rift Sisteminin ən mühüm seqmentlərindən biri olan Turkana Depressiyası üzrə aparılmış uzunmüddətli tədqiqatların nəticələrini təqdim edəcək. Bu bölgədə qalın neogen çöküntülərin toplanması, kontinental hövzələrdə çökmə proseslərinin və flüvial-lakustrin sistemlərinin inkişaf dinamikasının öyrənilməsi üçün unikal imkanlar yaradır. Məruzədə hövzənin 28 milyon il ərzində keçdiyi təkamül, əsas çökmə mühitləri və potensial kollektor xüsusiyyətləri haqqında ümumi mənzərə təqdim ediləcək.

Dr. Alexis Nutz sedimentologiya və stratigrafiya sahəsində ixtisaslaşmış təcrübəli tədqiqatçıdır. O, Strasburq Universitetində doktorantura təhsilini başa vurduqdan sonra iki tədqiqat yönümlü elmi proqramda – CNRS-“Total” əməkdaşlığı çərçivəsində, daha sonra isə Danimarkanın Aarhus Universitetində çalışıb. 2018-ci ildən Fransanın ən böyük ali təhsil müəssisələrindən biri olan “Aix-Marseille” Universitetində köməkçi professor kimi fəaliyyət göstərir.

Onun elmi araşdırmaları, əsasən, Prekambri dövründən Qvaternerə qədər kontinental çöküntü sistemlərinin öyrənilməsinə həsr olunub. Dr. Nutz kontinental hövzələrin quruluşu, çökmə mühitlərinin bərpası, flüvial, buzlaq və göl tipli çöküntü proseslərinin fundamental xüsusiyyətləri, həmçinin iqlim və tektonik amillərin çöküntülərə təsirinin ayrılması üzrə geniş araşdırmalar aparır. Tədqiqatçı müxtəlif hövzələrin inkişaf tarixini dəqiqləşdirmək və paleomühit dəyişiklərini müəyyənləşdirmək istiqamətində mühüm elmi töhfələr verib.

📌 Qeydiyyat linki: https://forms.office.com/r/SbanzdfURk?origin=lprLink
🗓️ Tarix: 18 dekabr
⏰ Saat: 16:15
📍 Məkan: Nizami küç. 183, UFAZ, 102-ci otaq