2 gün, 23 saat əvvəl
UFAZ-da yeraltı suların modelləşdirilməsində maşın öyrənməsi tətbiqlərinə həsr olunmuş elmi seminar keçiriləcək

Tədbir haqqında
Azərbaycan-Fransız Universitetində (UFAZ) ENGEES-in (École Nationale du Génie de l’Eau et de l’Environnement de Strasbourg) dosenti Marvan Fas tərəfindən “Fizika əsaslı modelləşdirmədə maşın öyrənməsi: yeraltı su axınının simulyasiyası üzrə tətbiqlər” mövzusunda elmi seminar təşkil ediləcək.
Tədqiqat sahəsi hidrogeologiya olan Marvan Fas xüsusilə sahilyanı akviferlərdə duzlu suyun yeraltı sularla qarışması, karbon dioksidin tutulub saxlanması və torpaq sürüşməsi prosesləri üzrə ixtisaslaşıb. O bir sıra beynəlxalq əməkdaşlıqlar həyata keçirib, dünyanın aparıcı elmi jurnallarında 110-dan çox məqalə dərc etdirib və hazırda hidrogeologiya üzrə elmi jurnalın redaktorudur.
Seminar zamanı dosent Marvan Fas maşın öyrənməsi üsullarının fizika əsaslı modellərlə birləşdirilərək yeraltı su axınlarının modelləşdirilməsi və proqnozlaşdırılmasının təkmilləşdirilməsi perspektivindən bəhs edəcək. O, verilənlərə əsaslanan üsulların hidroloji prinsiplərlə birləşdirilməsinin modelin daha effektiv işləməsinə, hesablamalara sərf olunan vaxt və xərclərin azalmasına və nəticələrin dəqiqliyinin artırılmasına necə kömək etdiyini açıqlayacaq. Həmçinin seminar zamanı yeraltı su axını və duzluluq prosesləri ilə bağlı praktik nümunələr təqdim olunacaq, hibrid modelləşdirmə üsulları üzrə imkan və çağırışlar müzakirə ediləcək.
Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.
📌 Qeydiyyat linki: https://forms.office.com/r/j3puRJ4zfT
🗓️ Tarix: 24 oktyabr
⏰ Saat: 16:30
📍 Məkan: Bakı, Nizami küç. 183, UFAZ, 102-ci otaq