1 ay, 3 həftə əvvəl
UFAZ-ın doktorantının tədqiqat işi “Science” jurnalında dərc olunub
 
                    ADNSU və Strasburq Universiteti tərəfindən birgə həyata keçirilən, UFAZ-ın “Cotutelle” proqramı çərçivəsində doktorant olan Zaur Bayramovun müəllifi olduğu məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan “Science” jurnalında dərc olunub. Zaur Azərbaycandan bu qlobal nüfuza sahib jurnalda baş müəllif kimi məqalə dərc etdirən ilk tədqiqatçı olub.
Zaur Bayramov fransalı alimlər Renier Viltres, Cécile Doubre, Alessia Maggi, Romain Jolivet və Luis Rivera ilə birlikdə peyk-radar və GPS texnologiyaları, seysmoloji stansiyaların məlumatları və süni intellektdən istifadə etməklə Qafqaz və Kür hövzəsində mühüm bir hadisəni müşahidə ediblər. Onların araşdırması göstərir ki, 2023-cü il, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı Kahramanmaraş zəlzələləri arada 1000 kilometrdən çox məsafə olduğu halda, Azərbaycanın şərqində “səssiz” 6.1 maqnitudalı zəlzələyə səbəb olub. Eyni zamanda, 56 palçıq vulkanı püskürüb və peyklər yerin dərinliklərində hidrokarbon ehtiyatlarının genişlənməsini qeydə alıb.
Bu “səssiz sürüşmə”, 6 bal gücündə zəlzələ ilə eyni enerjiyə malik olaraq Şamaxıdan Neftçalayadək uzanan 170 kilometrlik Qərbi Xəzər qırılmasını, eləcə də Bakı ətrafında hər biri təqribən 80 kilometr uzunluğa malik 6 əlavə qırıq seqmentini aktivləşdirib. Əsas məqam isə odur ki, hadisə insanlar tərəfindən adətən hiss edilən güclü silkələnmə olmadan baş verib. Tədqiqatçılar bunu Kür hövzəsi və Böyük Qafqazın şərq hissəsindəki palçıq vulkan sistemləri və hidrokarbonla zəngin süxurların sürtünməni azaldıcı təsiri ilə izah edirlər. Seysmik dalğalar bu qeyri-sabit geoloji mühiti hərəkətə gətirərək uzun müddət yığılmış tektonik gərginliyi boşaldıb və qırılmaları hərəkətə gətirib.
Bu nailiyyət beynəlxalq səviyyədə də böyük maraq doğurub. Məqalə İspaniyanın aparıcı media qurumu olan “EL PAÍS” və Fransanın “The Conversation France” nəşrində işıqlandırılıb. “EL PAÍS” hətta Azərbaycanın palçıq vulkanlarının tarixinin Böyük İskəndər və Marko Polo dövrlərinədək uzandığını qeyd edib.
Zaur Bayramov bu nəticələri beynəlxalq miqyasda təqdim etməyə dəvət olunub. O, 2025-ci ilin fevralında Oksford Universitetində seminar keçib, daha əvvəl isə Fransa (Orlean və Korsika) və Avstriyada keçirilən aparıcı elmi konfranslarda çıxış edib.
Zaur Bayramovun bu uğuru Azərbaycan elminin qlobal səviyyədə tanıdılması baxımından mühüm bir addımdır. UFAZ-ın doktorantını ürəkdən təbrik edir və ona daha böyük elmi uğurlar arzulayırıq!
 
 
