5 gün, 3 saat əvvəl
UFAZ-ın “Su ehtiyatlarının idarəedilməsi və mühafizəsi” ixtisasının tələbələri ADSEA-nın təqaüdünə layiq görülüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qonaqları salamlayaraq ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru cənab Rüfət Əzizov öz növbəsində tələbələrə uğurlar arzulayıb, tədris proqramının Avropanın qabaqcıl tədris müəssisələrinin standartlarına uyğun şəkildə, yerli və xarici müəllimlərin iştirakı ilə hazırlandığını qeyd edib. O, həmçinin tələbələr üçün müasir tələblərə cavab verən laboratoriya imkanlarının yaradılacağını və sahə təcrübələrinin təşkil ediləcəyini bildirib.
Görüşdə həmçinin birgə elmi tədqqiat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər də gündəmə gətirilib. Agentlik tərəfindən Təqaüd qazanan tələbələr göstərilən diqqətə görə universitet rəhbərliyinə və agentliyə təşəkkürlərini bildiriblər
Qeyd edək ki, Azərbaycan-Fransız Universitetinin (UFAZ) bu il ilk dəfə qəbul aparılan “Su ehtiyatlarının idarə olunması və mühafizəsi ” üzrə magistr səviyyəsinə qəbul olan 10 nəfər tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək.



