Konfranslar

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2021-ci ildən müxtəlif elmi sahələrdə beynəlxalq konfranslar təşkil edir. Kimya, proses mühəndisliyi, yer elmləri, kompüter elmləri, süni intellekt və dayanıqlılıq kimi sahələri əhatə edən bu tədbirlər gənc və təcrübəli tədqiqatçıların bilik mübadiləsi üçün platforma rolunu oynayır.

Hər il təşkil olunan tədbirlərdə məruzələr, paralel sessiyalar, poster təqdimatları və dəyirmi masa müzakirələri vasitəsilə beynəlxalq elmi əməkdaşlıq təşviq edilir. UFAZ konfransları həm tələbələr, həm akademiklər, həm də sahə mütəxəssisləri üçün təcrübə və şəbəkələşmə imkanları formalaşdırır.

Rəqəmsal transformasiyalarda süni intellektin rolu (AIDT 2026)

Artificial_Intelligence_for_Digital_Transformat.original konf 1

2026-cı ilin 22-24 iyun tarixlərində keçiriləcək konfransın hədəfləri süni intellektin sənaye və cəmiyyətlərdə rəqəmsal transformasiyaya təkan verməsi, avtomatlaşdırma, qərarvermə və innovasiyalara şərait yaratmasını araşdırmaqdır.

Tədbir sahə mütəxəssislərini bir araya gətirərək süni intellekt tətbiqləri və bilik mübadiləsi üçün platforma yaradacaq. AIDT 2026 birgə əməkdaşlıq çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Strasburq Universiteti (UNISTRA) və INSA Rouen Normandie tərəfindən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Veb-sayt: https://aidt-26.ufaz.az/

Beynəlxalq UFAZ konfransı: Kimya, proses və materiallar (CPM 2025)

konfrans_cpm_25re.original kon 2

2025-ci ilin 3-5 iyun tarixlərində keçirilmiş, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük tədbir beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirib.

Tədbirdə spikerlərin çıxışları, poster sessiyaları, Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən ekspertlərin təqdimatları yer alıb. Konfrans elmi əməkdaşlığı təşviq etmək, innovativ tədqiqatları təqdim etmək və iştirakçıları əhatəli sessiyalar, şəbəkələşmə tədbirləri və akademik müzakirələr vasitəsilə bir araya gətirmıək missiyalarını uğurla icra edib.

Veb-sayt: https://conference.cpml.ufaz.az/

Xəzər hövzəsi keçid dövründə: Yer elmləri və ətraf mühit problemləri arasında körpü (2024)

konfrans_caspian_24re.original kon 3

2024-cü ilin 3-6 iyun tarixlərində keçirilmiş konfrans enerji keçidi dövründə yer elmlərində innovativ yanaşmaları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertləri və tədqiqatçıları bir araya gətirib.

Dörd günlük tədbirdə məruzələr, şifahi təqdimatlar və poster sessiyaları baş tutub, Xəzər dənizi regionunda geo-resurslar, geo-təhlükələr, iqlim dayanıqlığı və davamlılıq mövzularında dəyirmi masa müzakirələri keçirilib.

Veb-sayt: https://csbc24.ufaz.az/

Mürəkkəb hesablama ekosistemləri (CCE 2023)

konfrans_cc_23re.original kon 4

2023-cü ilin 25–27 aprel tarixlərində keçirilmiş konfrans UFAZ, ADNSU, UNISTRA və CS-DC UNESCO UniTwin tərəfindən birgə təşkil olunub. Üçgünlük beynəlxalq tədbir hesablama ekosistemləri üzrə transdisiplinar tədqiqatların inkişafına həsr edilib.

Konfrans həm onlayn, həm də üzbəüz iştirak imkanları təqdim edərək qlobal elmi əməkdaşlığı təşviq edib. Seçilmiş məqalələr "Springer" jurnalının "Lecture Notes in Computer Science" seriyasında nəşr edilib.

Veb-sayt: https://cce-2023.ufaz.az/

1-ci UFAZ-ADNSU-UNISTRA elmi konfransı (2021)

konf old main

2021-ci ilin 30 noyabr-1 dekabr tarixlərində UFAZ ADNSU və UNISTRA ilə birgə ilk konfransını təşkil edib. Tədbirin açılış məruzəsini Nobel mükafatı laureatı, Strasburq Universitetinin (UNISTRA) professoru Jan-Mari Len təqdim edib.

Üç paralel sessiyadan ibarət olan proqram UFAZ-ın əsas tədris və tədqiqat sahələrini əhatə edib. Təqdimatlarda həm gənc, həm də təcrübəli tədqiqatçılar iştirak ediblər. Məruzələr hibrid – onlayn və üz-üzə formatlarda həyata keçirilib.

Veb-sayt: conference-2021.ufaz.az