Doktorantlar

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunları yalnız əmək bazarına inteqrasiya olmaqla kifayətlənmir, həm də elmi fəaliyyətə böyük maraq göstərirlər. Son illər bu ali təhsil ocağını bitirən tələbələr arasında tədqiqat sahəsinə meyl edənlərin sayı artmaqdadır. Onlar əsasən magistratura təhsilini başa vurduqdan sonra doktorantura pilləsində təhsillərini davam etdirməyə üstünlük verirlər.

Qeyd edək ki, UFAZ məzunları həm ölkə daxilində, həm də dünyanın müxtəlif aparıcı universitetlərində doktorantura təhsili alırlar. Tələbələr bu istiqamətdə bir sıra beynəlxalq təqaüd və mübadilə proqramlarından yararlanırlar. Universitetdə aldıqları fundamental bilik və tədqiqat bacarıqları onlara xarici ali məktəblərdə də uğurlar əldə etməyə imkan yaradır.

"Cotutelle" proqramı

Azərbaycan-Fransız Universiteti (UFAZ) doktorantlar üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ASOIU), Strasburq Universiteti (UNISTRA) və digər aparıcı Fransa ali təhsil müəssisələri ilə birgə (“Cotutelle”) həyata keçirilən tədqiqat proqramı imkanı təqdim edir.

Proqram tələbələrə iki ölkədə təhsil alaraq beynəlxalq tədqiqat təcrübəsi qazanmaq və müxtəlif elmi mühitlərlə tanış olmaq imkanı verir. Tələbələr adətən üç illik doktorantura müddətinin təxminən yarısını altı aylıq növbəli interval sistemi ilə Azərbaycanda, digər hissəsini isə Fransada keçirirlər. Bu tədris modeli universitetlər, tədqiqat laboratoriyaları, elmi komandalar və fərdi elmi rəhbərlər səviyyəsində akademik əməkdaşlığı gücləndirməyə yönəlib.

Proqramın üstünlükləri çoxşaxəlidir. Tələbələr Fransadakı yüksək səviyyəli elmi mühitdə inkişaf etmiş laboratoriya imkanlarından istifadə edir, geniş elmi ictimaiyyətlə tanış olurlar. Eyni zamanda, Azərbaycana qayıdan doktorantlar yeni metodologiyalar, standartlar və tədqiqat yanaşmalarını ölkəyə gətirərək yerli elmi mühiti zənginləşdirə bilirlər.

Bu model laboratoriyalar arasında uzunmüddətli əməkdaşlıqları təşviq edir, birgə məqalələr, layihələr və davamlı beynəlxalq elmi şəbəkələrin formalaşmasına şərait yaradır. “Cotutelle” proqramı akademik inkişafı təmin etməklə yanaşı, Azərbaycan və Fransa arasında elmi əməkdaşlığı möhkəmləndirərək beynəlxalq tədqiqat diplomatiyasına töhfə verir.

Aşağıdakı məzunlar "Cotutelle" proqramı çərçivəsində doktorantura dissertasiyalarını uğurla müdafiə ediblər:

Elmlər doktoru Sahə Universitet Müdafiə tarixi
Əli Xudiyev Kompüter elmləri Strasburq Universiteti (UNISTRA) 2025-ci il, noyabr
Zaur Bayramov Yer elmləri Strasburq Universiteti (UNISTRA) 2025-ci il, dekabr
Bəylər Zərbəliyev Kimya Strasburq Universiteti (UNISTRA) 2025-ci il, dekabr

Dövlət Proqramı

Azərbaycan Respublikasında gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı yaratmaq məqsədilə 2022-2028-ci illər üçün Dövlət Proqramı həyata keçirilir. Proqram çərçivəsində tələbələr bakalavriat, magistratura və doktorantura səviyyələrində xaricdə təhsil ala, beynəlxalq təcrübə qazana və müxtəlif sahələr üzrə biliklərini artıra bilərlər. Hər il bu proqram çərçivəsində yüzlərlə Azərbaycan vətəndaşı nüfuzlu universitetlərdə təhsil almaq imkanı əldə edir. Proqram çərçivəsində təhsil Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri də Dövlət Proqramının imkanlarından yararlanaraq xarici ölkələrdə magistratura və doktorantura təhsili ala bilirlər. Bu, UFAZ məzunlarına beynəlxalq tədqiqat mühitində təcrübə qazanmaq, biliklərini genişləndirmək və gələcək akademik və peşəkar fəaliyyətlərini gücləndirmək üçün unikal fürsət təqdim edir.

Aşağıdakı məzunlar Dövlət Proqramı çərçivəsində doktorantura təhsillərini başa vuraraq müvafiq sahələr üzrə doktorantura dissertasiyalarını uğurla müdafiə ediblər:

Elmlər doktoru Sahə Universitet Müdafiə tarixi
Rəşad Abbasov Yer elmləri Strasburq Universiteti (UNISTRA) 2025-ci il, sentyabr
Yusif İbrahimov Kompüter elmləri York Universiteti (UoY) 2025-ci il, oktyabr
Fərəh Əsgərxanova Kimya Strasburq Universiteti (UNISTRA) 2025-ci il, dekabr

Digər proqramlar

Hazırda onlarla UFAZ məzunu müxtəlif beynəlxalq və dövlət təqaüd proqramları çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilini davam etdirir. Onlar müxtəlif elmi sahələr üzrə ixtisaslaşaraq qabaqcıl tədqiqat mühitində bilik və bacarıqlarını inkişaf etdirirlər. Bu məzunlar əldə etdikləri beynəlxalq təcrübə və elmi yanaşmalar vasitəsilə gələcəkdə Azərbaycan elminin və ali təhsil sisteminin inkişafına töhfə verməyi hədəfləyirlər.

Onlar arasından aşağıdakı məzunlar təhsillərini başa vuraraq doktorantura dissertasiyalarını uğurla müdafiə ediblər:

Elmlər doktoru Sahə Universitet Müdafiə tarixi
İsmayıl Səfərli Material elmləri Strasburq Universiteti (UNISTRA) 2025-ci il, oktyabr
Əli Məmmədov Kompüter elmləri Paris Politexnik İnstitutu 2025-ci il, dekabr