Su ehtiyatlarının idarəedilməsi

Kurikulum

🛈 Keçid-ə daxil olaraq kurikulum haqqında ətraflı məlumat ala bilərsiniz.

İxtisas haqqında

Bu ikiillik ixtisas su ehtiyatlarının təhlili və idarəolunması sahəsində mütəxəssislərin hazırlanmasına yönəlib. Proqramın məzunları tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, həmçinin yerli və beynəlxalq şirkətlərdə işləmək üçün zəruri bilik və bacarıqlarla təmin olunurlar. Əsas məqsəd innovativ su idarəçiliyi və qərar qəbuletmə üzrə bilik və bacarıqların formalaşdırılması, cəmiyyətin ehtiyaclarına və ətraf mühit dəyişikliklərinə cavab verən dayanıqlı həllərə fokuslanmaqdır. Tədris planına mühazirələr, praktik məşğələlər və sahə təlimləri daxildir. Proqrama qəbul olunmaq üçün geologiya, hidrolojiya və geokimya sahələri daxil olmaqla yer elmləri üzrə güclü baza, həmçinin riyaziyyat və kompüter proqramlaşdırması üzrə bacarıqlar tələb olunur.

Proqram Fransanın müxtəlif universitetlərinin professorları tərəfindən tədris olunur. Tədris, həmçinin, yerli mütəxəssislərin (məsələn, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu) və Avropa təşkilatlarının (məsələn, Beynəlxalq Su Təşkilatı, “Caspisnet”) nümayəndələrinin mühazirələri ilə zənginləşdirilir.

Dərslər üç əsas mövzu ətrafında qurulub:

  • Təbii su ehtiyatlarının hidrogeoloji yanaşma ilə öyrənilməsi;
  • Sanitariya qaydaları və kimyəvi/bioloji göstəricilər vasitəsilə suyun keyfiyyətinin qiymətləndirilməsi;
  • Su ehtiyatlarının sosial-iqtisadi məsələlər və dayanıqlılıq kontekstində idarə olunması.

Birinci kurs üzrə yaz semestri 5 həftəlik təcrübə ilə başa çatır. İkinci kursun sonuncu semestrində tələbələr ya elmi-tədqiqat laboratoriyası, ya da sənaye müəssisələrində 5 aylıq təcrübə keçirlər.

"Su ehtiyatlarının idarəedilməsi" ixtisasından məzun olanlar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)Strasburq Universitetinin (UNISTRA) diplomlarını əldə edirlər.

Qazanılan bilik və bacarıqlar

Proqramda su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunmasının fərqli aspektlərini dərk etməyə imkan verən analitik, fənlərarası inteqrativ tədris fəaliyyəti tətbiq olunur. Tələbələr layihələr üzərində işləməklə real problemləri təhlil edib həll etmək üçün öyrəndikləri bilik və bacarıqları tətbiq edirlər. Bu proses onlara “müşahidə et – anla – həll et” yanaşmasını praktik şəkildə mənimsəməyə və bu bacarığı inkişaf etdirməyə imkan verir.

Məqsəd güclü analitik, ədədi, problem həll etmə və qərar qəbul etmə bacarıqları olan elm adamları yetişdirməkdir. Tələbələr texniki bilikləri ilə praktik qabiliyyətlərini aşağıdakı sahələrdə birləşdirərək əvəzolunmaz təcrübə əldə edirlər:

Məlumatların alınması və təhlili

  • Semplinq və ölçmə strategiyasının dizaynı və həyata keçirilməsi;
  • Coğrafi informasiya sistemləri də daxil olmaqla statistik və modelləşdirmə vasitələri;
  • Suyun mövcudluğunu və paylanmasını müəyyən etmək üçün hidroloji məlumatların təhlil edilməsi;
  • Məlumatların fənlərarası kontekstdə şərh edilməsi.

Təbiət sistemlərinin qarşılıqlı əlaqələrinin öyrənilməsi

  • Hidroloji, kimyəvi və bioloji parametrlərdən istifadə edərək suyun keyfiyyətini qiymətləndirmək və nəzarət etmək;
  • Hidrosistemin vəziyyətini və fəaliyyətini diaqnoz etmək;
  • Su ehtiyatları ilə əlaqəli mürəkkəb problemlərin təhlili və həlli;
  • Regional və beynəlxalq su ehtiyatları və onların idarə edilməsində yaranan çətinliklər arasında paralellər aparılması.

İdarəetmə və qərar qəbul etmə

  • Su ehtiyatlarının idarəedilməsinin ətraf mühitə necə təsir etdiyini anlamaq;
  • Dayanıqlılıq məsələlərinin su ehtiyatlarının idarəedilməsinə inteqrasiyası;
  • Hüquqi, sosial-iqtisadi və etik məsələlərin qərar qəbuletmə prosesinə inteqrasiyası;
  • Su ilə əlaqəli layihələrin planlaşdırma və icra edilməsindən qiymətləndirmə mərhələsinədək idarə edilməsi;
  • Su ehtiyatlarının idarəedilməsində texnoloji irəliləyişləri diqqətdə saxlamaq və innovativ strategiyaların inkişaf etdirilməsi.

Kommunikasiya və maraqlı tərəflərin cəlbi

  • Yazılı və şifahi təqdimatlar vasitəsilə ingilis dilində kommunikasiya və inandırma bacarıqları;
  • Mürəkkəb texniki məlumatların tədqiqatçılar, sənaye müəssisələri, dövlət qurumları və ictimai təşkilatlardan ibarət olan geniş auditoriyalara çatdırılması;
  • Müxtəlif sahələrin mütəxəssisləri ilə effektiv əməkdaşlığın qurulması.

İlkin tələblər

"Su ehtiyatlarının idarəedilməsi" üzrə magistratura ixtisasına müraciət edən namizədlərdən geologiya üzrə güclü akademik baza, riyaziyyat və məlumatların təhlili üzrə bacarıqlar tələb olunur. İngilis dili biliklərinin olması, yüksək motivasiya və çalışqanlıq proqram üçün zəruri olan digər keyfiyyətlərdir. Namizədlər daim öyrənməyə, yeni biliklər əldə etməyə və fənlərarası inteqrasiya yanaşmasına açıq olmalıdırlar.