UFAZ-da idarəetmə

Steering Committee meeting

Rəhbər komitə

Ali idarəedici heyət olan Rəhbər Komitə UFAZ-a dair gündəlikdə duran bütün məsələlərin həllini həyata keçirir. Komitənin səlahiyyətlərinə, əsasən, aşağıdakı vəzifələr daxildir:

  • UFAZ-ın strateji məqsədləri və fəaliyyət istiqamətləri barədə qərarların verilməsi;
  • İllik büdcənin təsdiqlənməsi;
  • UFAZ-ın nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • UFAZ-ın daxili idarəçilik qaydalarının təsdiqi və s.

İllik iclasları Bakı və ya Strasburqda baş tutan Rəhbər Komitə bərabər səs hüququna malik 5 üzvdən ibarətdir:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru;
  • Strasburq Universitetinin (UNISTRA) prezidenti;
  • Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi;
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri.

Akademik komitə

Akademik Komitə tədris prosesindən məsul olan icraedici orqandır. Komitə üzvləri proqramlar üzrə diplom verən universitetlərin nümayəndələrindən ibarətdir.

Akademik Komitə aşağıdakı məsələlə görə cavabdehdir:

  1. Pedaqoji məsələlər: təhsil modeli və proqramı, proqramların məzmunu, tapşırıqlar, namizədlərin seçilməsi, təqaüdlərin verilməsi;
  2. Akademik fəaliyyətə dair inzibati məsələlər: tələbələrin qəbulu və idarə edilməsi ilə bağlı qaydalar, akademik fəaliyyətlərin planlaşdırılması;
  3. Akademik heyət: Fransadan olan daimi müəllimlərin seçilməsi, dəvət edilmiş müəllimlərin missiyalarının planlaşdırılması, ADNSU ilə əməkdaşlıq çərçivəsində azərbaycanlı müəllimlərin seçilməsi və s.

Akademik Komitə bütün pedaqoji və akademik fəaliyyətə dair inzibati məsələləri müzakirə etmək üçün ildə iki dəfə Bakı və Strasburqda bir araya gəlir.

İcra komitəsi

UFAZ-ın operativ idarəçiliyi Azərbaycanı təmsil edən İcraçı direktor və Fransanı təmsil edən baş katib tərəfindən həyata keçirilir. Eyni zamanda, Strasburq Universitetində UFAZ üzrə layihə koordinatoru fəaliyyət göstərir.

İcraçı direktor, baş katib və koordinator Rəhbər komitənin qərarlarını və Akademik komitənin tövsiyələrini icra edir, gündəlik inzibati və texniki məsələləri həll edir. Həmin şəxslər ADNSU və UNISTRA-nın rəhbərliyi altında UFAZ-ın gündəlik idarəçiliyində bərabərhüquqlu fəaliyyət göstərirlər.