Niyə UFAZ?

UFAZ Library area

Azərbaycan-Fransız Universitetini seçmək üçün bir çox səbəblər var. Onlar arasında UFAZ-ı digər universitetlər arasında fərqləndirən ən önəmli səbəblər isə bunlardır:

  • İki diplom

UFAZ tələbələri təhsillərini başa vurduqda iki milli diplom əldə edəcəklər. Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomu, digəri isə Strasburq Universitetinin və ya Renn 1 Universitetinin diplomu olacaqdır (seçilmiş ixtisasdan asılı olaraq).

  • Strasburqda yay məktəbi

Tədris ili müddətində ən yaxşı akademik nailiyyət əldə etmiş 40 tələbə iki həftəlik yay məktəbində iştirak etmək imkanı qazanır. Bununla tələbələr Fransız dili bilik və bacarıqlarını inkişaf etdirəcək, Fransız tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaq, eyni zamanda Strasburqda yerləşən beynəlxalq təşkilatlara, akademik institutlara və elmi laboratoriyalara səfər edəcəklər.

  • Elmi ekperimental təhsil və tədqiqatlar mərkəzi

UFAZ Azərbaycanda ən eksklüziv texniki imkanlara malik olan labaratoriyalardan faydalanmaq imkanı təklif edir. Bizim hazırda əsası 2018-ci ildə qoyulmuş Azərbaycanda ilk və unikal altı mərtəbəli labaratoriyamız müəllim və tələbələrimizə daha dərin və geniş araşdırmalar aparmaq imkanı verir.

UFAZ laboratoriyaları Strasburq standartlarına tam uyğun şəkildə təchiz olunub. Bir ildən çox müddət ərzində Strasburq Universitetinin fransız ekspertləri təmir işləri ilə yanaşı əsasən Fransa və Almaniyadan gətirilən laboratoriya avadanlığının qurulması prosesində yaxından iştirak ediblər.

Qeyd edək ki, bu 2500m² yeni binanın tərkibinə 3 kimya laboratoriyası, 1 kimya mühəndisliyi laboratoriyası, 4 fizika və tətbiqi fizika laboratoriyası, eləcə də 2 kompüter elmləri laboratoriyası və iş ofisləri daxildir.

  • Akademik mükəmməllik

UFAZ həm professional müəllim heyəti, həm də yüksək ixtisaslı qonaq professorlar dəvət edərək yalnız Azərbaycanda deyil, eyni zamanda regiondakı ən yüksək akademik mükəmməlliyə nail olmaq niyyətindədir. Azərbaycan və Fransadan olan yüksək ixtisaslı və böyük təcrübəyə malik müəllim heyətimiz öz dərslərini ingilis dilində keçirlər. Fransız dili dərsləri də kurikulumun bir hissəsidir və təhsil proqramı müddətində ikinci dil kimi tədris edilir. Bu tələbələrimizin master proqramları üzrə təhsillərini Fransada davam etdirmək şanslarını artırır.

Bizim potensial tələbə namizədlərimiz Azərbaycanda orta məktəbi əla akademik nəticələrlə bitirmiş şəxslər və xaricdə orta məktəb təhsilini bitirmiş tələbələrdir. Yerli tələbələr universitetimizdə təhsil almaq üçün Dövlət İmtahan Mərkəzinin testlərindən uğurla keçməlidirlər. Həm yerli, həm də xarici tələbələr İngilis dili üzrə əsas biliklərinin olduğunu nümayiş etdirməli və Strasburq Universiteti tərəfindən Bakıda təşkil olunan imtahanlardan keçməlidirlər. Xarici tələbələr ödənişli əsaslarla təhsil almaq üçün müraciət edə bilərlər.

  • Kreativlik

Biz tələbələrimizin labaratoriyalarda və tələbə klublarında öz ideyaları üzərində işləyə biləcəkləri, xəyallarını həyata keçirə biləcəkləri bir mühit yaratmaq istəyirik. Bizim universitetimizdə onlar ən yaxşı ideyalarını (startaplar, elmi layihələr və s.) gerçəkliyə çevirmək yolunda ilk addımlarını atacaqlar. Biz tələbələrimizi foto və rəsm yarışları, xeyriyyə fəaliyyətləri, film və teatr yaradıcılığı, fransız xor dərsləri və s. kimi layihələri hazırlayıb həyata keçirməyə səsləyirik.

  • Mərkəzi məkan

UFAZ 2017-cı ildə yenidən təmir edilərək qapılarını açmış tarixi və gözəl bir binaya köçmüşdür. Yaşlı nəslin bir çox nümayəndəsi Nizami küçəsinin incisi kimi tanınan və çox vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü binası olaraq göstərilən bu məkanı tanıyır. Bakının ən mərkəzi küçəsində, eyni zamanda təəccüblü olsa da ən sakit guşələrindən birində yerləşən binamızın ətrafında hər bir tələbənin zövqünə oxşayacaq kafe və dükanlar mövcuddur. Tədris binamız həmçinin 28 May metro stansiyasından cəmi beş-yeddi dəqiqə piyada məsafədə yerləşir. Eyni zamanda, bu vaxt ərzində gənclərin sevimli məkanlarından olan “28 Mall” ticarət mərkəzinə da çatmaq mümkündür (daha çox rahat məkanlar və dərs sonrası fəaliyyətlər üçün).